“Azərbaycanda təhsil yaxşı fürsətdir” | Xarici tələbə

   “Azərbaycanda təhsil yaxşı fürsətdir”  | Xarici tələbə
  28 Noyabr 2024    Oxunub:359
“Azərbaycan Dövlət Neft və Sənaye Universitetində məni hərarətlə qarşıladılar və əvvəllər təhsil aldığım universitetlərdən daha çox diqqət yetirdilər. Çünki qrupumda yeganə əcnəbi tələbəyəm”.
Bunun AzVision.az -a Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Şri-Lankadan gələn tələbəsi David Dilşan deyib. O, bura gəlməzdən əvvəl Moskvada Plexanov adına Rusiya İqtisadiyyat Universitetində (RİU) biznesin idarə edilməsi üzrə hazırlıq proqramını, Belarusda İ.P.Şamyakin adına Mozır Dövlət Pedaqoji Universitetinin rus dili proqramını bitirib.

D.Dilşan deyib ki, universitetə daxil olmazdan əvvəl tanışlarının tövsiyəsi ilə ADNSU ilə bağlı araşdırma aparıb və başa düşüb ki, bura məhz onun oxumaq istədiyim universitetdir:

- Yüksək ixtisaslı müəllimlərdən dəyərli biliklər almaq, müxtəlif xalqlarla ünsiyyət qurmaq istəyirdim. Ona görə də, ADNSU-ya müraciət etdim, qəbul etdilər. Seçimimdən razıyam. Azərbaycana gəlməmişdən əvvəl düşünürdüm ki, Azərbaycan universitetində oxumaq həyatımda yeni mərhələ olacaq. Azərbaycanlılarla ünsiyyətdən məmnun oldum, çünki bu müddətdə yalnız diqqətlərini və isti münasibətini gördüm. Azərbaycanda inanılmaz qonaqpərvərlik hiss etdim.
“Yeni maraqlı hadisələr gözləyirəm” | Xarici tələbə

David Dilşan ADNSU-nu Azərbaycanda keyfiyyətli təhsil almaq istəyən digər tələbələrə tövsiyə edir. Çünki burada keyfiyyətli təhsil almaq üçün hər cür şərait var: “Xoşbəxtəm ki, gələcək peşəm Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin divarları arasında doğulur. Onun mənim universitetim olduğunu daim hiss edirəm”.

Şri-Lankalı tələbə Azərbaycanın təhsil və səyahət baxımından çox cəlbedici olduğunu düşünür və hər bir əcnəbi tələbəyə Azərbaycan dilini öyrənməyi məsləhət görür.

“Azərbaycanda təhsil almaq yeni qiymətli təcrübə, dil daşıyıcıları ilə gündəlik ünsiyyət, yeni faydalı və maraqlı tanışlıqlardır. Həm də beynəlxalq səviyyəli mütəxəssis olmaq üçün fürsətdir”, - D.Dilşan bildirib.

Rolan Yusufov
AzVision.az


Teqlər: Xarici-tələbə   Təhsil  





Xəbər lenti